SİYASƏT
“Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusu IV Qlobal Bakı Forumunun üçüncü sessiyasında müzakirə olunub VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda üçüncü sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, səfir Fransis O’Donnell Forumun əhəmiyyətini vurğulayaraq tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.
Mövzu ilə bağlı fikirlərini bölüşən F.O’Donnell BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ukrayna və digər regionlardakı münaqişələrin həllindəki roluna aydınlıq gətirilməli olduğunu vurğulayıb.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qəbul olunan beynəlxalq sənədlərə hörmətlə yanaşılmasından danışıb. Konkret olaraq o, nüvə silahının yayılmaması ilə bağlı memoranduma və razılaşmalara əməl edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Sabiq Prezident deyib ki, belə sənədlərin olması vacibdir, lakin onların icrası da zəruridir. Ona görə ki, sonradan münaqişəli vəziyyətlər yaranmasın.
Donbas, Dağlıq Qarabağ, Dnepryanı, Cənubi Osetiya, Abxaziya münaqişələrinin postsovet məkanında çətin həll edilən problemlərdən olduğunu deyən Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko bu separatçı rejimlərin “marionet hökumətlər” tərəfindən idarə olunduğunu bildirib. O, ölkəsindəki münaqişənin bir sıra özəllikləri haqqında danışaraq onun həlli ilə bağlı öz baxışlarını diqqətə çatdırıb.
Polşanın sabiq Prezidenti Bronislav Komorovski Ukraynada və digər ölkələrdəki münaqişələrin regionun inkişafına təsir etdiyini vurğulayıb. B.Komorovski deyib, Ukraynanın vəziyyətdən necə çıxacağı ümumilikdə Avropa və region ölkələri üçün bir sınaqdır. Çünki hərbi güclə müşayiət olunan istənilən münaqişə qonşu ölkələrə təsirsiz ötüşmür və bu təsirin mənfi siyasi, iqtisadi, sosial nəticələri var.
Rusiyanın sabiq Baş naziri Viktor Zubkov ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, bir çox münaqişələrin ikiqütblü dünyanın dağılmasından sonra yarandığını söyləyib. Sabiq Baş nazir Ukraynadakı vəziyyətdən danışaraq münaqişənin həllində dialoqun qurulmasının vacib olduğunu qeyd edib.
Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonita Ukraynanın təhlükəsizliyi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də həllində qəti səylərin göstərilməsinin vacibliyini qeyd edib. O, istənilən ölkənin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıb. Nazir müavini deyib: “Ölkələrin ərazi bütövlüyü məsələsinə diqqətin az olmasının nəticəsidir ki, hazırda bir çox regionlarda münaqişələr baş verir, İŞİD və digər terror qruplaşmaları yaranır”. D.İonita Ukraynadakı münaqişənin həllində danışıqların aparılmasının, razılaşdırılmış sənədlərə əməl edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Avropada istənilən münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalı və beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalıdır.
Forumun dünyanı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu deyən İrlandiyanın sabiq Baş naziri Berti Ahern tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O, istənilən münaqişənin insan itkilərinə, iqtisadi böhrana, humanitar fəlakətə səbəb olduğunu qeyd edib. B.Ahern vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli üçün digər ölkələr də fəal olmalı, xoş məram nümayiş etdirməlidir.
X X X
Forum işini martın 11-də davam etdirəcək.