DÜNYA


Ukrayna taxılını daşıyacaq ilk gəmilərin sabah dənizə çıxacağı gözlənilir

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 31-də yükləmə prosesi başa çatdıqdan sonra taxıl daşıyan ilk gəmilər Ukrayna limanlarını tərk edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin POLARNET yük gəmisinin kapitanı Əhməd Yücel Əlibəylər şənbə günü Ahaber telekanalının efirində deyib.

“İyulun 31-i günorta saatlarında gəmilərə taxılın yüklənməsi başa çatmalıdır. Gəmilərin yola düşmə vaxtı dəqiqləşməsə də, bu, elə həmin gün baş verə bilər. Daha sonra İstanbula qədər izləyəcəyimiz dəhliz və koordinatlar müəyyən ediləcək”, - deyə kapitan bildirib.

Konvoya neçə yük gəmisinin daxil olacağı bilinmir. Daha öncə missiya çərçivəsində dənizə ilk olaraq üç gəminin çıxacağı deyilirdi. Lakin Ankaradakı mənbənin məlumatına görə, konvoyun tərkibi artırıla bilər. Taxılla yüklənmiş ilk gəmilər Odessa və Çernomorsk limanlarından yola çıxaraq Afrika sahillərinə istiqamət götürəcək.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlərə əsasən İstanbulda dördtərəfli koordinasiya mərkəzi yaradılıb. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.