SİYASƏT


Ukrayna telekanalı ümummilli lider Heydər Əliyev və Naxçıvan haqqında reportaj yayımlayıb

Kiyev, 9 may, AZƏRTAC

Ukraynanın tanınmış “5 kanal” televiziyası ümummilli lider Heydər Əliyev və Naxçıvan haqqında hazırladığı reportajı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişdə Naxçıvan şəhərinin tarixi, onun Nuh peyğəmbərin vətəni olması haqqında ukraynalı tamaşaçılara maraqlı məlumatlar verilir. Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı taksi xidmətlərinin yüksək səviyyədə olduğunu və qonaqpərvərliyi xüsusi vurğulayır.

Verilişin aparıcısı Nadya Baziv Naxçıvanın ümummilli lider Heydər Əliyevin doğulduğu şəhər olduğunu bildirir, 1990-1993-cü illərdə Ulu Öndərin burada siyasi fəaliyyəti ilə bağlı məqamlara toxunur.

Reportajda Heydər Əliyev Muzeyində saxlanılan, Ümummilli Liderimizə məxsus əşyalar və digər eksponatlar haqqında məlumat verilir. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ulu Öndərin siyasi fəaliyyəti haqqında müsahibəsi də reportajda yer alıb.

Akademik Zərifə Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbi ilə Ukraynanın İrpen şəhərinin məktəbi arasında dostluq əlaqələri, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu kənddə doğulduğu tamaşaçıların diqqətinə çatdırılır. Aparıcı verilişdə ukraynalı xanımlara Naxçıvan kətəsinin necə hazırlanması barədə də məlumat verir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.