DÜNYA
Ukrayna və Pakistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı saziş imzalanıb
Kiyev, 23 fevral, AZƏRTAC
Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti ilə Pakistan arasında T-80UD tank parkının təmiri ilə bağlı ümumi dəyəri 85,6 milyon dollar olan saziş imzalayıb. Sənəd Əbu-Dabidə keçirilən IDEX-2021 beynəlxalq silah sərgisi çərçivəsində imzalanıb.
“Ukrspetsexport”un baş direktoru Vadim Nozdrya bunun “Ukroboronprom” Şirkətlər Qrupunun ən səmərəli ixracatçılarından biri olan şirkətin bu il Pakistanla ilk sazişi olduğunu qeyd edib. Pakistan tərəfi ilə 2021-ci ilin sonuna qədər əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Bundan əlavə, Ukrayna nümayəndə heyəti artıq Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri ilə bir sıra danışıqlar aparıb və hərbi sahədə əməkdaşlıq barədə razılaşmalar əldə edib.
“2021-ci ildə əsas bazarlarımızdakı mövqelərimizi qoruyub saxlamaqla yanaşı, yeni məhsullarla yenilərinə də daxil olacağımızı proqnozlaşdırmaq üçün hər cür əsasımız var. Ukrayna hərbi sənaye kompleksi bu imkanı bizə verir. Buna görə biz yeni xarici iqtisadi müqavilələr planlaşdırırıq və xarici bazarlara tədarüklərdə əhəmiyyətli artım və dolayısı ilə dövlət büdcəsinə ayırmaların artacağını gözləyirik”, - deyə V.Nozdrya Ukraynanın IDEX-2021-də iştirakının ilk nəticələrini izah edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev