SİYASƏT
Ukraynada Azərbaycanlı Gənclər İttifaqı özünün iki illiyini qeyd etmişdir
Kiyev, 25 aprel (AZƏRTAC). Aprelin 24-də Kiyevdəki “Kristal-holl”da Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) yaradılmasının iki illiyinə və Şərqi Avropanın bu ən iri ölkəsində yaşayan azərbaycanlıların Həmrəylik Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir.
Tədbir ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin sponsorluğu ilə UAGİ tərəfindən təşkil edilmişdir.
Gecəni giriş sözü ilə UAGİ-nin sədri Anar Tahirov açmışdır. O bildirmişdir ki, 2010-cu il aprelin 24-də Dnepropetrovskda Ümumukrayna Azərbaycanlı Gənclər Forumu keçirilmiş, həmin forumda Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılmışdır. Bu qısa müddətdə öz sıralarında Ukraynada yaşayan azərbaycanlı gənclərin yeddi mindən çox nümayəndəsini sıx birləşdirən bu yeni təşkilat Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və bugünkü reallıqlarını təbliğ edir, strateji tərəfdaşlar olan Azərbaycanla Ukrayna arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına şərait yaradır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin Ukrayna ictimaiyyətinə çatdırılması üçün fəal təbliğat işi aparır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli öz nitqində UAGİ-nin fəaliyyətini yüksək qiymətləndirərək vurğulamışdır ki, Prezident İlham Əliyev gənclər siyasətinə, hərtərəfli inkişaf etmiş, vətənpərvər əhval-ruhiyyəli, mütərəqqi və ləyaqətli yeni nəslin tərbiyə edilməsinə böyük diqqət yetirir.
Diplomat tam əmin olduğunu bildirmişdir ki, UAGİ xaricdə yaşayan gənc azərbaycanlıların nümunəvi dəstələrindən birinə çevriləcək, bizim gənc oğlan və qızlar Ukraynada təhsilini başa vurandan sonra çiçəklənən Azərbaycanın qurucularının ilk sıralarında olacaqlar.
ARDNŞ-in Ukraynadakı nümayəndəsi Elçin Məmmədov, “Zolotaya Fortuna” Beynəlxalq Reytinq Texnologiyaları və Sosiologiya Akademiyasının baş direktorluğunun rəhbəri Dmitri Akimov, Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Milli Teleşirkətinin birinci vitse-prezidenti Valid Ərfuş, Diasporla İş üzrə Azərbaycan Dövlət Komitəsinin məsul işçisi Ruslan Quliyev, tanınmış telejurnalist Rəna Nəzərova, “Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu” (ASAİF) İctimai Birliyinin sədri Orxan Əkbərov və başqaları UAGİ rəhbərliyini və bu qurumun üzvlərini səmimi salamlamışlar.
Tədbirin rəsmi hissəsində çoxsaylı, o cümlədən Ukraynanın xalq deputatı, “Molodıye regionı” Ümumukrayna İctimai Gənclər Təşkilatının sədri Andrey Pinçuk, Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Vilkul və başqalarının təbrikləri oxunmuşdur.
Sonra bayram konserti olmuş, Azərbaycan, gürcü və Ukrayna xalqlarının mahnı və rəqsləri ifa edilmiş, şən səhnəciklər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına çoxlu xatirə hədiyyələri verilmiş, təbriklər səslənmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev