MƏDƏNİYYƏT


Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılıb

Trustkavets, 6 dekabr, AZƏRTAC

Ukraynanın Truskavets şəhərində dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşan müsabiqənin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Truskavets şəhərində dekabrın 2-dən start götürən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 14 gənc vokal ifaçısı iştirak edib.

IV Beynəlxalq Vokalistlər Müsabiqəsinin final mərhələsindən öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı, Truskavets şəhər meriyasının rəhbərliyi, münsiflər heyətinin üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu müsabiqədə çox istedadlı vokalistlər iştirak edirlər.

Truskavets şəhərinin meri Andrey Kulçinski, səfirliyimizin üçüncü katibi Təranə Sadıqova və digər çıxışçılar deyib ki, müsabiqənin əhəmiyyətindən danışıblar. Mer bildirib ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir. Təranə Sadıqova isə vurğulayıb ki, səfirlik hər zaman mədəni layihələrə dəstək göstərib: “Bu cür tədbirlərin keçirilməsi xalqlar arasında dostluğu daha da möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsində ölkəmiz dünyanın mədəniyyət beşiyinə çevrilib”.

Beynəlxalq musiqi yarışında ecazkar səsi ilə münsiflər heyətini heyran edən azərbaycanlı gənc Urfan Cəfərov və ukraynalı gənc Darya Nazimçuk qalib elan edilib. İkinci yerə ukraynalılar Vladimir Morozov, Pavlenko Solomiya, üçüncü yerə isə Qazaxıstandan Yermak Berimjanov və Çindən Lyu Kuo layiq görülüblər.

Müsabiqəyə qatılanları təbrik edən Truskavets şəhərinin meri Andrey Kulçinski çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O, tək Azərbaycanda deyil, bütün dünyada sevilən sənətkardır. “Neçə ildir, ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edir və bu ənənəni davam etdirəcəyik”, - deyə mer əlavə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təranə Sadıqova bildirib ki, belə bir müsabiqənin Azərbaycanın və onun mədəni irsinin populyarlaşdırılmasını təşviq edir. Ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edən diplomat beynəlxalq vokal müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

Tədbirdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudryaşova və digərləri çıxış edərək Truskavets şəhərində keçirilən beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynadığını bildiriblər.

Sonra Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan beynəlxalq müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edilib. Müsabiqə qaliblərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib.

Qeyd edək ki, AZƏRTAC müsabiqənin media tərəfdaşı idi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Trustkavets

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.