MƏDƏNİYYƏT
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılıb VİDEO
Truskavets, 10 dekabr, AZƏRTAC
Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş II Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Truskavets şəhər Meriyasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə müsabiqənin qalibləri müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, Truskavets şəhərində dekabrın 5-dən start götürən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 20 gənc vokal ifaçısı iştirak edib. Beynəlxalq musiqi yarışında ecazkar səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənc Roman Leşov qalib elan olunub.
Müsabiqəyə qatılanları təbrik edən Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təbriz Qarayev ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edib. Əfsanəvi Azərbaycan oğlunun xatirəsinə həsr olunmuş beynəlxalq vokal müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsinə görə Truskavets şəhərinin meri Andrey Kulçinsk və Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasova minnətdarlığını bildirib.
Truskavets şəhərinin meri Andrey Kulçinski çıxışında bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyanın sevilən sənətkardır. “Keçən ildən etibarən ənənəvi olaraq şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, - deyə mer əlavə edib.
Tədbirdə Ukraynanın Xalq artistləri Qurban Abbasov, Aleksandr Dyaçenko, aktyor və müğənni Natalya Kudryaşova və digərləri çıxış edərək Truskavets şəhərində keçirilən beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynadığını bildiriblər.
Sonra Truskavets şəhər meriyası Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan beynəlxalq müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edib. Müsabiqə qaliblərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin media tərəfdaşı idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev