SİYASƏT


Ukraynada Xocalı soyqırımının tanıdılması istiqamətində müraciət edilib

Bakı, 17 fevral, AZƏRTAC

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə Parlamentlərarası münasibətlər qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Ukrayna Ali Radasının sədri Dmitri Razumkova və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması ilə bağlı müraciət ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “...Faciəvi hadisələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücum ediblər və hücum nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın qətlə yetirilib, 487 nəfər şikəst edilib, 150 nəfər itkin düşüb. Əsasən yaşlı insanlar, uşaq və qadınlar olmaqla, 1275 nəfər əsir götürülüb, onlara qarşı dəhşətli zorakılıq edilib və işgəncə verilib. Əhalisi 7 min nəfərdən çox olan şəhər isə darmadağın edilib”.

Müraciətin müəllifləri xüsusi qeyd ediblər ki, Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyası birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları göstərilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğundur. Azərbaycan Respublikasının Milli Məclisi BMT, ATƏT, Avropa Şurası, AŞPA və digər beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib.

Həmçinin qeyd olunur ki, bir çox ölkələrin parlamentləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul edib.

Bütün bunları nəzərə alaraq, müəlliflər 1992-ci il fevralın 26-da Xocalıda baş verən hadisələrin qınanması, bu qətliamın Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı kimi tanınması məsələlərinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.