DÜNYA
Ukraynada koronavirusa yoluxma və bu infeksiyadan ölüm hallarında yeni antirekord qeydə alınıb
Kiyev, 3 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusa yoluxanlar və bu infeksiyadan ölənlərin sayında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə son sutkada 4661 nəfər koronavirusa yoluxub, 92 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Odessa, Xarkov və Lvov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 222 min 21 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4360 nəfərdir, 98 mindən artıq xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev