DÜNYA
Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək
Kiyev, 21 iyul, AZƏRTAC
Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb. Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir.
“Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə Aleksandr Kornienko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev