DÜNYA


Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 3 dəfə Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq.

Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun və rəsmi nəticələri mayın 1-nə qədər açıqlamalıdır.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında Vladimir Zelenski daha şanslı sayılır. Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin aprelin 18-də açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs verəcəklərini açıqlayıb.

Ukraynada prezident seçkilərinin ikinci turunda seçki dairələrinin və məntəqələrinin təhlükəsizliyini 50 mindən çox polis qoruyacaq. Bu barədə Ukrayna Milli Polisinin rəis müavini Aleksandr Fatseviç məlumat verib. Bildirib ki, səsvermə günü Ukraynanın küçə və prospektlərində təhlükəsizliyin qorunmasına hüquq-mühafizə orqanlarının daha 11 min əməkdaşı cəlb olunacaq.

Xarici müşahidəçilərin Ukraynada prezident seçkilərinin ikinci turuna marağı çoxdur. Seçkiləri izləmək üçün 2500-ə yaxın xarici müşahidəçi qeydə alınıb.

Xatırladaq ki, seçicilər prezident seçkilərinin birinci turunda Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.

Qeyd edək ki, MSK birinci turda 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Bu, Ukraynanın seçki tarixində rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda - 80 santimetr olub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.