DÜNYA
Ukraynada qadın könüllülərin fəaliyyətinin bir günü – REPORTAJ VİDEO
Kiyev, 11 iyun, AZƏRTAC
Ukraynada hərbi əməliyyatlar başlanan andan ölkənin silahlı qüvvələrinə dəstək məqsədilə könüllülərin sayı artmaqdadır. Bu istiqamətdə ən çox yayılan könüllü mərkəzlərindən biri də kamuflyaj, maskalanma torları və geyimlərinin, o cümlədən snayperlər üçün kikimorların hazırlanması ilə bağlıdır. Bu könüllü mərkəzlərinin bəziləri 2014-cü ildən, Rusiya ilə Ukrayna arasında başlayan hərbi qarşıdurma zamanı yaranıb. İlkin statistikaya görə, hazırda Ukrayna ərazisində bu cür könüllü mərkəzlərinin sayı mindən çoxdur.
AZƏRTAC-ın əməkdaşı bunlardan birində, Kiyevdə yerləşən kamuflyaj, maskalanma torları və geyimlərinin, o cümlədən snayperlər üçün kikimorların hazırlanması ilə məşğul olan könüllü mərkəzində olub, onların gündəlik işi ilə bağlı foto və video reportaj hazırlayıb.
Könüllü mərkəzini yaradanlardan biri olan Valentina Fedorovska AZƏRTAC-a açıqlamasında bildirib ki, mərkəz 2014-cü ildən yaranıb. Mərkəzdə müxtəlif peşə sahibi olan qadınlar könüllü şəkildə öz əməklərini sərf edirlər. Hazırda mərkəzdə 20-yə yaxın qadın fəaliyyət göstərir.
“Bizim əsas problemimiz müvafiq parçaların, materialın tapılmasıdır. Bu işdə həm xeyirxah insanlarımız kömək edirlər, həm də dost ölkələr yardım göstərirlər. Polşa, Azərbaycan və digər ölkə vətəndaşları mərkəzi müvafiq materiallarla təmin ediblər. Yeri gəlmişkən, bu cür mərkəzlərdə çalışan əslən azərbaycanlı, lakin Ukrayna vətəndaşı olan qadınlar da var”, - deyə Valentina Fedorovska əlavə edib.
Onun sözlərinə görə, kamuflyaj, maskalanma, kikimorlar və digər geyimlərin rəngi fəsilə görə dəyişir. Bu mərkəz fevralın 24-dən, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 210 tor, 2014-cü ildən isə 3000 tor Ukrayna silahlı qüvvələrinə təhvil verilib. Bir tor 30 kvadratmetrdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev