MƏDƏNİYYƏT
Ukraynada rəssam soydaşımızın daha bir uğuru yüksək qiymətləndirilib
Kiyev, 11 sentyabr, AZƏRTAC
Ukraynada fəaliyyət göstərən istedadlı soydaşlarımızın uğuru həmişə bizi sevindirir və səfirlik olaraq yaradıcı azərbaycanlılara dəstək göstərməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu günlərdə Vinnitsa şəhərində keçirilən rəssamların beynəlxalq sərgi müsabiqəsində qalib olan rəssam Əsgər Cavadovla görüşündə söyləyib.
Səfir bildirib ki, Ə.Cavadovun rəsm əsərləri Ukraynada Azərbaycanın milli-mədəni irsinin təbliğində böyük rol oynayır.
Səfirə müəllifi olduğu rəsm əsərini bağışlayan Ə.Cavadov öz növbəsində göstərdiyi dəstəyə görə, Elmira Axundovaya təşəkkürünü bildirib. Qeyd edib ki, Vinnitsada keçirilən beynəlxalq rəsm sərgisində Azərbaycanın milli mətbəxi də təqdim olunub və bu işdə səfirlik öz dəstəyini göstərib.
Görüşdə rəssamın gələcək işləri haqqında müzakirə aparılıb və onun rəsm sərgisinin keçirilməsinə dair razılıq əldə edilib.
Qeyd edək ki, bu günlərdə soydaşımız Əsgər Cavadov Ukraynanın Vinnitsa şəhərində ənənəvi beynəlxalq rəsm sərgisində iştirak etmək üçün keçirilən müsabiqənin qalibləri sırasında olub. Soydaşımız 1000 rəssamın iştirak etdiyi müsabiqədə yarımfinala yüksəlib, daha sonra 100 rəssamın içərisindən 25 nəfərin yer aldığı finala vəsiqə qazanıb.
Müsabiqənin finalında iştirak edən Ukrayna, Çin və ABŞ-dan olan rəssamların əsərləri ilə birgə soydaşımızın da rəsm əsərləri nümayiş etdirilib və yeni əsərlər çəkilib. Müsabiqənin sonunda rəssam soydaşımız “Fəxri diplom”, “Ukraynanın inkişafı uğrunda” medalı ilə təltif olunub. Sərginin yekununda iştirakçıların əsərlərindən ibarət kataloq nəşr olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev