SİYASƏT
Ukraynada şəhər və vilayət şuralarına deputat seçilən soydaşlarımızın sayı 9-a çatıb
Kiyev, 27 noyabr, AZƏRTAC
Ukraynada yaşayan daha bir soydaşımız yerli seçkilərdə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Kamandar Bayramov Poltava Vilayət Şurasının deputatı seçilib. Bununla da Ukraynada şəhər və vilayət şuralarına seçilən azərbaycanlı deputatların sayı 9-a çatıb.
Bundan başqa, gənc soydaşımız Dinara Həbibullayeva “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının, Araz Quliyev həmin partiyadan Sumı Vilayət Şurasının, Qoşqar Muxtarov “Təklif” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Fəxrəddin Muxtarov hakim “Xalqın xidmətçisi” Partiyasından Poltava Vilayət Şurasının, Teymur Abışov Ukraynanın sabiq Baş naziri “Qroysmanın Ukrayna strategiya” Partiyasından Vinnıtsya Şəhər Şurasının, Ramil Ağabəyov hakim “Xalqın xidmətçisi” Partiyasından Nikolayev Şəhər Şurasının, İsgəndər İsgəndərov hakim “Xalqın xidmətçisi” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Cəlil İbrahimov “Batkevşina” Partiyasından Pavlohrad Şəhər Şurasının deputatı seçiliblər.
Daha iki soydaşımızın partiya siyahısı üzrə yerli seçkilərdə qalib gəlmək şansı var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev