SİYASƏT


Ukraynada yaşayan azərbaycanlıların müharibə dönəmində etdikləri humanitar yardımların planları müzakirə olunub

Kiyev, 6 oktyabr, AZƏRTAC

Ukrayna Azərbaycanlıları Radasının (UAR) qərargahında Ukrayna Ali Radasının deputatı və “Ukraynaya şöhrət” Xeyriyyə Fondunun komitə rəhbəri Yuliya Qrişina ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə UAR baş katibi Ceyhun Məmmədov, UAR İdarə Heyətinin üzvləri, vilayət təşkilat rəhbərləri, Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin Etnik İcmalarla Əməkdaşlıq Departamentinin rəhbəri Viktor Kovrey və diaspora fəalları iştirak edib.

UAR baş katibi Ceyhun Məmmədov millət vəkilinə və görüş iştirakçılarına müharibə dövründə Ukrayna azərbaycanlılarının Ukrayna xalqına və silahlı qüvvələrinə göstərdiyi yardımlar barədə məlumat verib: “Müharibənin ilk günündən etibarən Ukrayna azərbaycanlıları Ukrayna xalqı ilə bərabər azadlıq mübarizəsi aparır. Həm ön cəbhədə, həm humanitar yardımlar sahəsində, həm də informasiya savaşında azərbaycanlılar Ukraynanın müdafiəsindədirlər. Bu günə qədər Ukraynanın azadlığı uğurunda 20 şəhidimiz var. Bütün şəhidlər qarşısında baş əyirik”.

Görüşdə çıxış edən millət vəkili Yuliya Qrişina Ukrayna xalqına dəstəyinə görə Azərbaycan dövlətinə və Ukraynada yaşayan azərbaycanlılara təşəkkür edib. Bundan sonrakı mərhələdə humanitar yardımların davamlılığını təmin etmək üçün sistemli və birgə fəaliyyətin vacibliyini vurğulayan deputat təmsil olunduğu “Ukraynaya şöhrət” fondu ilə əməkdaşlığın faydalı olacağına inandığını bildirib.

“Mən Azərbaycanlıları tanıyıram, çox sayda savadlı və bacarıqlı tələbələrim olub. Azərbaycanlıların birliyi, vətənpərvərliyi və təşkilatçılığı hər zaman yüksək səviyyədə olub”, - deyən Yuliya Qrişina digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını da Ukraynanın ədalətli mübarizəsinə dəstək olmağa çağırıb.

Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin Etnik İcmalarla Əməkdaşlıq Departamentinin rəhbəri Viktor Kovrey öz çıxışında ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edənlər - Kiyev Azərbaycanlıları Konqresinin və UAR İdarə Heyətinin üzvü Elnur Gözəlov, UAR Lvov vilayətinin rəhbəri Teymur Məmmədov, UAR Krivoy-Roq vilayətinin rəhbəri Kamal Ağayev, RAMU idarə heyətinin üzvü Qasam Əhmədov, Jitomir Azərbaycanlılar Radasının sədri Faiq Qəmbərov Ukraynanın qələbəsinə əmin olduqlarını qeyd ediblər və hər sahədə dəstəyə davam edəcəklərini bildiriblər.

Görüşün sonunda razılığa gəlinib ki, Ukraynanın Ali Radasının təsis etdiyi “Ukraynaya şöhrət” xeyriyyə fondu ilə əməkdaşlıq edilsin, bu günə qədər olunan humanitar yardımların hesabatı hazırlansın.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.