CƏMİYYƏT


Ukraynada yaşayan həkim soydaşımız: Azərbaycana da getmək, millətimizə xidmət etmək istəyirəm

Kiyev, 11 may, AZƏRTAC

Ukraynada müharibə dönəmində həkim kimi savadını və gücünü nümayiş etdirən soydaşımız neyrocərrah Emil Əsgərovla ilk tanışlığımız zamanı onun yüksək intellekt sahibi olmasının şahidinə çevrildi. Hazırda Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyyə kafedrasının həkimi olan soydaşımız neyrovaskulyar patologiya, neyro-onkologiya, onurğa və onurğa beyninin patologiyası istiqamətləri üzrə fəaliyyətini davam etdirir. O, Ukraynada doğulub böyüməsinə baxmayaraq, vətəni Azərbaycana bağlı bir gəncdir. Təxminən Azərbaycanın müstəqilliyi qədər yaşı var. 1992-ci ilin iyulun 22-də Kiyevdə doğulan soydaşımız Azərbaycana qəlbən bağlı olduğunu gizlətmir.

AZƏRTAC Emil Əsgərovla reportajı təqdim edir.

Həkim peşəsinə sevgisinin ona irsən keçdiyini, ulu babası Fazil Rufullayev Azərbaycanın cənub bölgəsində tanınmış pediatr olduğunu bildirən Emil Əsgərov deyib: “Həkim peşəsinə sevgim babamdan keçib. O, tanınmış həkim olub, əsasən Lənkəran və Masallıda çalışıb”.

2009-cu ildə Kiyevdə A.A Boqomolets adına Milli Tibb Universitetinin Ümumi tibb fakültəsinə daxil olan soydaşımız 2015-ci ildə oranı bitirib. Sonra dünyanın bir çox şəhərlərində, o cümlədən Köln, Afina, Lion, Antalya, Brüssel, İstanbul və Venetsiyanın nüfuzlu tibb ocaqlarında ixtisasartırma kurslarında iştirak edib. Avropa Neyrocərrahlar Assosiasiyasının üzvüdür.

“Tələbə vaxtından xəstəxanalarda işləmişəm, 5-ci kursdan cərrahiyyə əməliyyatlarında assistentlik etmişəm. Neyrocərrah olmaq çətindir. Amma əvvəlcədən bu ixtisasın çətinliyini anlayırdım. İlk peşəkar fəaliyyətimi Kiyev şəhərində "Spizhenko Klinikası" Onkoloji Mərkəzindən başlasam da, praktika üçün Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında fəaliyyətimi davam etdirdim”, deyə həkim əlavə edib.

Azərbaycandan da xəstələrinin çox olduğunu deyən Emil Əsgərov bildirib ki, ölkəmizdən ən çətin əməliyyatı Naxçıvandan olan qadın üzərində 11 saat davam edib, onun beynindən böyük şiş götürülüb. Qadın hazırda Naxçıvanda normal həyat sürür.

Ukraynada müharibədən sonra ölkəmizə səfər etmək istədiyini bildirən həkim deyib: “Müharibə bitdikdən sonra Azərbaycana da getməyi düşünürəm, orada da öz millətimə xidmət etmək istəyirəm”.

Qeyd edək ki, Emil Əsgərov Ukraynada başlanan müharibə zamanı paralel olaraq həm İrpendə, həm də Kiyevdə hərbi hospitallarda çalışıb, bütün diqqətini hərbçilərin əməliyyatına və müalicəsinə yönəldib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.