SİYASƏT
Ukraynadakı Azərbaycan diasporunun qarşısında duran vəzifələr müzakirə olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü ilə Qarabağda tarixi Qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı videogörüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edən komitə sədri Fuad Muradov deyib: “Yenilməz Ordumuzun şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Qələbəmiz dünya azərbaycanlılarına böyük sevinc bəxş edib. Qələbə diasporun fəaliyyətini də yeni istiqamətə yönəldir və bizi perspektivlər üzərində düşündürür. Bundan sonra diasporumuzun fəaliyyəti daha çox Qarabağın zəngin tarixi-mədəni irsinin təbliğinə yönələcək”, – deyə komitə sədri bildirib.
Görüş iştirakçıları Azərbaycan xalqını zəfər münasibətilə təbrik edib, qələbəmizin memarlarına – Müzəffər Ali Baş Komandan İlham Əliyevə rəşadətli Ordumuza minnətdarlıqlarını bildirib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd olunub ki, Ukraynada yaşayan azərbaycanlılar Azərbaycanın dövlət siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.
Hikmət Cavadov, Oleq Krapivin, Əbülfəz Qasımov, Eldar Tağıyev, Cəlal Hüseynov, Murad Cəfərov, Vaqif Nağıyev və digərləri çıxış edərək qələbə sevincini bölüşməklə yanaşı, Ukraynadakı diaspor təşkilatlarının yeni dövrdə görəcəyi işlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Soydaşlarımız diqqətə çatdırıblar ki, diaspor təşkilatlarının, diaspor üzvlərinin fəallığının yüksəldilməsi, ölkəmizin, xüsusilə Qarabağ bölgəsinin tarixi-mədəni irsinin təbliği üçün əllərindən gələni əsirgəməyəcək, yerli media ilə münasibətlərdə yeni keyfiyyət göstəricilərinə nail olacaq və bu yolda daha sıx birləşəcəklər.