CƏMİYYƏT
Ukraynadan idxal edilən 20 tondan çox soğanın istehlak üçün yararsız olduğu aşkarlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Araz supermarket” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20,58 ton soğan məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğanın tərkibində karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.