SİYASƏT
Ukraynalı bloger: Prezident İlham Əliyevin uğurlu siyasi və iqtisadi kursu Azərbaycanı regionda söz sahibinə çevirib
Kiyev, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad etdiyi ərazilər Xirosimanı xatırladır. Qarabağı gəzəndə hiss eləyirsən ki, bu torpaqlar dinc məqsədlər üçün, insanların yaşaması üçün tutulmayıb. Burada daşlar belə yağmalanıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədovla görüşündə “Ukrayna Gələcəyin İnstitutu” (Ukrainian Institute for the Future) analitik mərkəzinin həmtəsisçisi, ukraynalı siyasətçi və bloger Yuri Romanenko söyləyib.
Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində böyük layihələr həyata keçirir. Müharibədən sonra Qarabağı tam gəzən az sayda ekspertlərdən biri olduğunu bildirən Yuri Romanenko qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasi və iqtisadi kursu Azərbaycanı regionda söz sahibinə çevirib. “Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna ittifaqı bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”, - deyən mərkəz rəhbəri Türkiyənin regiondakı önəminə də diqqət çəkib.
Ukraynalı siyasətçiyə Azərbaycanın Zəfər yolu və Ukrayna Azərbaycanlıları Radasının ofisində davam edən "Qarabağda Urbisid" adlı sərgi haqqında məlumat verən baş katib Ceyhun Məmmədov erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdırıb. “Başda Gəncə şəhəri olmaqla, döyüş xəttindən onlarca kilometr aralıda yerləşən yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən bombalanıb. Raket zərbələri nəticəsində təkcə Gəncədə 27 nəfər dinc sakin həlak olub, 125 nəfər isə yaralanıb”, - deyən C.Məmmədov Azərbaycan tərəfinin isə mülki əhaliyə atəş açmadığını vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev