SİYASƏT
Ukraynalı deputat: Azərbaycan Ordusu erməni tərəfi sarsıdıcı məğlubiyyətə uğratdı
Kiyev, 10 noyabr, AZƏRTAC
Azərbaycan Ordusu erməni tərəfi sarsıdıcı məğlubiyyətə uğratdı. İşğaldan azad edilmiş ərazilərin sayı buna sübutdur. Ermənistan həm şəxsi heyət, həm də texnika baxımından böyük itkilərə məruz qalıb. Şuşa şəhərinin işğaldan azad edilməsi bir daha göstərdi ki, erməni tərəfin bundan sonra müqavimət göstərməsi hərbi-siyasi vəziyyəti onun üçün daha da gərginləşdirəcək. Mən Ermənistanın təslim olacağını gözləyirdim.
Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeri Kolyux bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Onun sözlərinə görə, hazırda Ermənistan sosial, iqtisadi və siyasi böhran təhlükəsi qarşısındadır. Koronavirus pandemiyası Ermənistan iqtisadiyyatına ciddi təsir göstərib, döyüş əməliyyatları isə bu iqtisadiyyatın normal fəaliyyətini təhlükə altına alıb. Aşkar görünür ki, erməni cəmiyyətinin bir hissəsi müharibədən yorulub və onlardan ötrü mənasız olan qarşıdurmada qan tökməyə hazır deyil.
Valeri Kolyux sonda deyib: “Ukraynada ümid edirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edəcək, regionda çoxdan gözlənilən sülh və əmin-amanlıq bərqərar olacaq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev