REGİONLAR
Ukraynalı deputat: Qarabağın Azərbaycanla qovuşması ilk növbədə ədalətin bərpası deməkdir VİDEO
Ağdam, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam şəhərində çox ağır mənzərə ilə qarşılaşdıq. Hər tərəf xarabalıqdır. Burada yalnız səngər və istehkamlar tikilib və minalar basdırılıb. Bu həm də sübut edir ki, burada heç kəs qalıb yaşamaq niyyətində olmayıb. Ona görə Qarabağın Azərbaycanla qovuşması ilk növbədə ədalətin bərpası deməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Ukrayna Ali Radasının deputatı Valeri Kolyux bildirib.
O, Ağdamın tezliklə yenidən qurulacağına əminliyini ifadə edərək deyib: “Buraya gələn yolda tikinti aparıldığını, inşaat kranlarını gördük. Bu o deməkdir ki, yaxın zamanda buralar yenidən bərpa ediləcək. Biz Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Tezliklə buraya yenidən gəlmək, bərpa olunmuş məscidləri, yenidən tikilmiş məktəbləri görmək və uşaq səsini eşitmək istəyirik. Ümidvarıq ki, biz buranın xarabalıqdan çiçəklənən gözəl şəhərə çevrilməsi prosesini gözümüzlə görəcəyik.