CƏMİYYƏT
Ukraynalı professor tələbələrə nanotexnologiyalar barədə məlumat verib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) bioloji kimya kafedrasında seminar keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov seminarda təhsil ocağının beynəlxalq əlaqələrinin getdikcə genişləndiyi barədə danışıb. O, universitetin qonağı olan Ukraynada İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetinin və Polşada Lublin Katolik Universitetinin professoru Taras Kavetskini salamlayıb.
Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rövşən Xəlilov professor Taras Kavetski ilə 7 ildir ki, birgə elmi-tədqiqat işləri apardığını bildirib. O, materiyanın canlı və cansız aləmini tədqiq edən pozitron annihilyasiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan professorun Almaniya, Çin, Slovakiya və dünyanın bir sıra ölkələrində elmi-tədqiqat işləri apardığı barədə danışıb.
Professor T.Kavetski “Laktat əsaslı amperometrik biosensorların təkmilləşdirilməsi üçün yeni polimer matrisalar və nanodaşıyıcılar” mövzusunda məruzə ilə çıxış edib, nanotexnologiyalar, müasir nanosistemlərin ayrı-ayrı sahələrdə, eləcə də tibb sahəsində uğurla tətbiqi ilə bağlı iştirakçılara geniş məlumat verib.
Professor seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.