SİYASƏT


Ukraynalı sahibkarlar Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenidən qurulmasında iştirak edə bilərlər VİDEO

Kiyev, 24 noyabr, AZƏRTAC

Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin rəqəmsal transformasiya nazirinin avrointeqrasiya məsələləri üzrə müavini Valeriya İonanla görüşündə söyləyib.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal həyatın inkişafı üçün müvafiq işlər görülüb və bu proses davam etdirilir. Bu sahənin inkişafı məqsədilə Azərbaycanda xarici investorlar üçün münbit şərait yaradılıb. Ona görə də Ukrayna şirkətləri Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə Azərbaycanın bu işinə töhfələrini verə bilərlər.

“Nazirliyiniz birgə fəaliyyətlə bağlı, xüsusilə işğaldan azad olunan ərazilərimizin inkişafı üçün təkliflər planını hazırlayıb Azərbaycan tərəfinə təqdim edə bilər. Azərbaycan hökuməti təklifləri araşdırandan sonra müvafiq qurumlarla ikitərəfli müzakirələrə başlaya bilərsiniz”, - deyə Elmira Axundova əlavə edib.

Çalışdığı nazirliyin bir ildir yaradıldığını qeyd edən Valeriya İonan qurumun fəaliyyətinin əsas məqsədinin Ukraynanı rəqəmsal həyata keçirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukraynada rəqəmsal təhsilin məqsədi yaxın üç ildə 6 milyon ukraynalıya müasir texnologiyalardan istifadəni öyrətməkdir.

Nazir müavini bildirib ki, innovativ sahibkarlığın inkişafı da əsas istiqamətlərdən biridir. Bu sahəyə sahibkarlar üçün xüsusi onlayn və oflayn məsləhət zonalarının işə salınması daxildir. Dövlət regional biznesin inkişafı üçün kiçik və orta sahibkarlığa böyük diqqət ayırır. “Azərbaycan və Ukraynanın iş adamları üçün rəqəmsal platformanın yaradılması olduqca vacibdir. Bu işdə nazirliyimiz öz töhfəsini verə bilər”, - deyə Valeriya İonan əlavə edib.

Görüşdə iştirak edən Ukraynanın İxracın Təşviqi Ofisinin direktor əvəzi Tatyana Miskova da hər iki ölkədə sahibkarlığın inkişafı üçün müxtəlif təkliflərlə çıxış edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.