SİYASƏT


Ukraynalı videobloger: İndi Cıdır düzündə Azərbaycanın Dövlət Bayrağı dalğalanır

Kiyev, 11 oktyabr, AZƏRTAC

Ukraynanın “Pryamiy” telekanalının “Həftə” (“The Week”) verilişində 44 günlük Vətən müharibəsinin ildönümü ərəfəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən, o cümlədən Ağdam, Füzuli və Şuşadan xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişdə ukraynalı videobloger Taras Berezovets və Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti Nikolay Zamikula Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə gördükləri barədə ətraflı danışıblar.

Taras Berezovets İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü günündə Şuşada olduğunu deyərək bildirib ki, bu şəhərdə Azərbaycanın xüsusi təyinatlılarının paradı keçirilib.

Reportajda həmin paraddan görüntülər təqdim edilib.

“Xüsusi təyinatlılar Azərbaycanın strateji ərazisi olan Şuşanı işğaldan azad etməyi bacarıblar. Mən Şuşanın Cıdır düzündəyəm. İndi burada Azərbaycanın Dövlət Bayrağı dalğalanır”, - deyə Taras Berezovets Şuşadan hazırladığı reportaj yayımlanarkən söyləyib.

Sonra videobloger Ağdamdan hazırladığı reportaj haqqında məlumat verib. Vurğulayıb ki, ermənilər orada bütün obyektləri, o cümlədən məscidləri dağıdıblar. Azərbaycanın işğaldan azad etdiyi ərazilər ermənilər tərəfindən tamamilə minalanıb, hazırda minatəmizləmə işləri aparılır. O, Ağdamın yenidən qurulması, Füzuli aeroportunun tikilməsi barədə də təəssüratlarını bölüşüb.

Taras Berezovets, həmçinin qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxır, Krım məsələsində Ukraynanı dəstəkləmir.

Öz növbəsində Nikolay Zamikula bildirib ki, Azərbaycan illərdir həyata keçirdiyi kompleks tədbirlər nəticəsində İkinci Qarabağ müharibəsində Qələbə qazanıb.

“Azərbaycanda 10 milyon, Ermənistanda isə 3 milyon əhali yaşayır, Azərbaycanın iqtisadi potensialı, enerji və maliyyə resursları, hərbi sənayenin gücləndirilməsi, səmərəli idarəçilik sistemi, Ordunun müasirləşdirilməsi, xalqın mənəvi hazırlığı Qələbənin əldə olunmasının başlıca səbəblərindəndir. Birinci Qarabağ müharibəsində Azərbaycanın ordusu demək olar yox idi. Ötən illər ərzində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib”, - deyə Nikolay Zamikula əlavə edib.

O, həmçinin Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.