Ukraynanın 11 vilayətində əkin kampaniyası başlayıb
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Ukraynanın 11 vilayətində əkin kampaniyası başlayıb və fermerlərə lazımi dəstək göstərilib.
AZƏRTAC Ukrayna KİV-inə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmiqal Nazirlər Kabinetinin fevralın 24-də başlayan müharibədən sonra açıq rejimdə keçirilən ilk iclasında çıxışı zamanı deyib.
“Artıq ölkənin 11 vilayətində əkin kampaniyası başlayıb. Dövlət fermerlərə lazım olan dəstəyi göstərib. Buraya faizsiz kreditlər, banklar qarşısında dövlət zəmanəti, yanacaq və sair aiddir. Biz fermerlərə ixracatda da kömək edirik, çünki ölkə qazanmalıdır”, - deyə Denis Şmiqal bildirib. Onun sözlərinə görə, ötən il əkin kampaniyasından sonra ölkədə bir neçə illik strateji ərzaq ehtiyatı yaranıb.
Baş nazir, həmçinin Ukraynanın Rusiya və Belarusun enerji şəbəkələrindən birdəfəlik ayrıldığını da deyib: “Bütün generasiya növləri çalışır, anbarlarda kömür ehtiyatımız və 9 milyard kubmetr qazımız var. Biz ölkənin yanacaqla təmin olunması üçün Avropanın neft emalı zavodları ilə müqavilələr bağlamışıq və artıq Ukraynaya minlərlə ton yanacaq gətirilir”.
Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski demişdi ki, müharibə səbəbindən əkin kampaniyasına başlamaq mümkün olmadığı üçün kənd təsərrüfatı məhsullarının ixracında problemlər yarana bilər.
Xəbərin mətnində orfoqrafik səhv var