Ukraynanın Ədliyyə Nazirliyi “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatını qeydiyyata almışdır
AzerTAg.az
Kiyev, 24 avqust (AZƏRTAC). Ukraynanın Ədliyyə Nazirliyi “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatını qeydiyyata almışdır. Təşkilata Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev təşkilatının sədri, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elm və mədəniyyət, idman mərkəzinin yaradıcısı, Əməkdar İdman Ustası Oleq Krapivin başçılıq edir.
Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elm və mədəniyyət, idman mərkəzinin direktoru, professor Arif Quliyev təşkilatın birinci vitse-prezidenti, Ukrayna XİN yanında Diplomatiya Akademiyasının aspirantı Seyidəli Qədimalıyev vitse-prezidenti seçilmişlər. Rəyasət heyətinə Ukraynada yaşayan digər tanınmış həmvətənlərimiz də daxildirlər.
“Azərbaycançılıq İnstitutu”nun əsas məqsədi Azərbaycan mədəniyyətinin, tarixinin, ənənələrinin və s. beynəlxalq səviyyədə təbliğinə kömək göstərməkdən ibarətdir.
Oleq Krapivin AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, Ukraynada “Azərbaycançılıq İnstitutu”nun yaradılması üçün Prezident İlham Əliyevin dünya azərbaycanlılarının III qurultayındakı çıxışında Azərbaycan diasporu qarşısında qoyduğu strateji prioritetlər stimul olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var