SİYASƏT
Ukraynanın Azərbaycandakı səfiri AzərTAc-da olub VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan və Ukraynanı sıx dostluq münasibətləri birləşdirir. İki ölkənin informasiya agentlikləri - AZƏRTAC və Ukrinform arasında da möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur.
Bu fikirlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşündə səslənib.
Görüşdə iki ölkə arasında qarşılıqlı informasiya mübadiləsinin indiki vəziyyətinə və perspektivlərinə nəzər salınıb. Qeyd olunub ki, Ukrinform həm MDB məkanında, həm də beynəlxalq təşkilatlarda AZƏRTAC-ın ən sıx əlaqələr qurduğu informasiya agentliklərindən biridir. AZƏRTAC özünün ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində Ukraynanın bu xəbər qurumunun iştirakına şərait yaratmağa hazırdır.
Səfir Aleksandr Mişenko iki ölkənin xalqları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, Azərbaycanın Ukraynaya daim dəstək verdiyini vurğuladı. O, qeyd etdi ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin bu çətin günlərində də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, onu öz vətənləri kimi qəbul edirlər. Hazırda Ukraynanın müxtəlif ali məktəblərində Azərbaycandan xeyli tələbə təhsil alır. Diplomat eyni zamanda vurğuladı ki, bu gün həm Azərbaycan, həm də bütün dünyada Ukraynada baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiyaya ehtiyac var. AZƏRTAC da Azərbaycan cəmiyyətinə belə məlumatların çatdırılmasında önəmli rol oynayır.
Görüşdə regiondakı münaqişələrin xalqlara və dövlətlərə çətinliklər yaratdığı, inkişafa maneələr törətdiyi qeyd edildi, ictimaiyyətin obyektiv məlumatlandırılması ilə bağlı fikir mübadiləsi aparıldı.