İQTİSADİYYAT
Ukraynanın Azərbaycanla əməkdaşlıqda maraqlı olan müəssisələri AZPROMO-a müraciət edib
Bakı, 11 avqust, AZƏRTAC
Ukraynanın Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan müəssisələri barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) məlumat daxil olub.
Bu barədə AZPROMO-dan AZƏRTAC-a verilən məlumatda bildirilir.
Qeyd edilib ki, "Zarya-Maşproyekt" qazturbintikinti elmi-istehsalat kompleksi" qaz və neft sahəsinin tələbatları üçün qaz-turbin avadanlığının istehsalı və tədarükü üzrə böyük təcrübəyə malikdir. Müəssisə qaz və neftçıxarma obyektində, eləcə də neft emalı müəssisələrinin şəxsi enerji təminat tələbatları üçün qaz-turbin mühərrikləri və şəxsi enerji təminatı üçün komplekt enerji bloklarının tədarükü baxımından azərbaycanlı tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır.
"Sumı EİB" İSC neft, qaz, atom və kimya sənayesi üçün avadanlıq istehsalı üzrə ən böyük maşınqayırma müəssisələrindən biridir. Müəssisənin tərkibinə qabaqcıl texnoloji avadanlıq, müasir idarəetmə və nəzarət sistemləri ilə təchiz edilmiş xüsusi birləşdirilmiş istehsalatlar daxildir. Birliyin əmrində sınama bazası var və bu, təhlükəsizlik sınaqlarının keçirilməsinə olan daha sərt tələblərin təmin edilməsinə imkan yaradır. "Sumı EİB" Azərbaycanın perspektivli neft-qaz layihələrində iştirak etməkdə maraqlıdır: “Qaradağ” yeraltı qaz anbarı, “Qalmaz” yeraltı qaz anbarı, Trans-Anadolu qaz boru kəməri (TANAP) üçün texnoloji avadanlığın tədarükü, "Ağ şəhər" layihəsi və ümumilikdə neft-qaz kompleksi üçün kompressor və neft-qaz emalı avadanlığının tədarükü.
"Motor Siç" SC Azərbaycana aşağıdakıları təklif etməyə hazırdır: 2 min 500-dən 12 min kilovatadək qüvvəyə malik olan qaz-turbin elektrik stansiyalarının və 6 min 300 kilovatadək qüvvəyə malik olan qaz-turbin qaz nasos aqreqatlarının tədarükü, qaz və neft çəkib çıxaran stansiyalara 6,3 və 6 meqavat qüvvəyə malik olan D-336 tipli qaz-turbin ötürücülərinin tədarükü, az kalorili yanacaqla işləyən enerji komplekslərinin layihələndirilməsi və tədarükü, cari avadanlığın müasirləşdirilməsi üzrə xidmətlərin yerinə yetirilməsi, təmir istismar təşkilatlarının mütəxəssislərinin təlimi, eləcə də avadanlıqlar üçün ehtiyat hissələri və aqreqatların tədarükü.