DÜNYA
Ukraynanın Böyük Britaniyadakı səfiri ölkəsindən Krallığa gələnlər üçün viza rejimini yumşaltmağa çağırıb
London, 4 may, AZƏRTAC
Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko ölkəsindən Krallığa gələnlər üçün viza rejimini yumşaltmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, səfir daxili işlər naziri Priti Pateldən müharibədən qaçanlar üçün lazımsız, uzun, bürokratik viza rejimini yumşaltmağa çağırıb. O, minlərlə ukraynalının viza sisteminin gec işləməsi səbəbindən Avropada qapalı vəziyyətdə qaldığını söyləyib.
Səfir yumşalmanın müvvəqqəti olmasını və bunun balanslaşdırılmalı olduğunu vurğulayıb.
Hökumətin son məlumatlarına görə, 59 min nəfərin vizası təsdiqlənib. Sponsorluq marşrutu ilə müraciət edən 74,700 ukraynalıdan yalnız 15 faizi Britaniyaya gəlib.
Baş nazir Boris Consonun sözlərinə görə Böyük Britaniya indiyədək ümumilikdə 27 min ukraynalı qəbul edib. Lakin o vurğulayıb ki, Böyük Britaniya ukraynalıların təhlükəsizliyə çatmasına kömək etmək üçün daha sürətli hərəkət edə bilərdi.
Böyük Britaniyanın ukraynalılara niyə vizasız gediş-gəliş təklif etməməsi ilə bağlı isə Conson deyib ki, müharibə şəraitində bəzi insanlar özlərini qaçqın kimi qeyd edə bilər, buna görə də sistemi ondan sui-istifadə etmək istəyənlərdən qorumaq lazımdır.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London