SİYASƏT


Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb VİDEO

Dnepr, 4 noyabr, AZƏRTAC

Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan Mərkəzi açılıb. Açılış mərasimində ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Dneprdə yaşayan Azərbaycan icmasının üzvləri, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri Sərxoş İsmayılovun maliyyə dəstəyi və ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə yaradılan Mərkəzin açılışından əvvəl Azərbaycan nümayəndə heyəti ilə universitetin rektoru, hüquq elmləri namizədi Dmitri Boçarov arasında görüş keçirilib.

Mərkəzin yaradılmasına göstərdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfirliyin müşaviri Vüsal Süleymanov deyib ki, hər iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

D.Boçarov öz növbəsində rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə səfirlik tərəfindən universitetin rektoruna Azərbaycan xalçalarının Qarabağ qrupuna aid olan kitab hədiyyə olunub.

Sonra qonaqlar universitetin muzeyi ilə tanış olublar.

Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan V.Süleymanov bildirib ki, Azərbaycan Mərkəzinin açılması ölkələrimizin strateji münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına böyük dövlət qayğısının göstərildiyini deyən diplomat bu Mərkəzin təhsilin inkişafına, Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcəyini bildirib.

Daha sonra çıxış edən tarixçi-alim Eldar Tağıyev, professor Süleyman Hüseynov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin müəllimi Könül Ağamalıyeva bildiriblər ki, bu cür mərkəzlərin açılması Azərbaycan icmasının fəaliyyətini gücləndirir və stimullaşdırır. Qeyd olunub ki, Mərkəz, həmçinin Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin təbliği üçün əlverişli platforma olacaq.

Sonda Dneprdə yaşayan istedadlı azərbaycanlıların iştirakı ilə bədii hissə olub. Soydaşımız Emin Əliyevin skripkada “Sarı gəlin” mahnısını səsləndirməsi, Orxan Hacıyevin Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifası etməsi, məktəblilərdən ibarət “Leyla” rəqs qrupunun çıxışı, dahi mütəfəkkir Nəsiminin qəzəllərindən parçaların söylənməsi iştirakçıların rəğbətinə səbəb olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.