Ukraynanın KİV nümayəndələri üçün Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələrlə bağlı mətbuat konfransı keçirilib VİDEO
AzerTAg.az
Kiyev, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələr, ölkəmizin mülki vətəndaşlarının qətlə yetirilməsi, ərazilərimizin Ermənistan tərəfindən raketlərlə vurulmasına dair yerli KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin mətbuat katibi Samir Allahverdiyev tədbiri açaraq mətbuat konfransında Ukraynanın nüfuzlu telekanallarının və informasiya agentliklərinin 40-a yaxın nümayəndəsinin iştirak etdiyini bildirib.
Ermənistanın təxribatı nəticəsində həlak olan mülki şəxslər və hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən səfir Elmira Axundova bildirib ki, Azərbaycana qarşı yeni təxribatları çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə üzərilərinə götürdükləri müvafiq beynəlxalq öhdəlikləri pozaraq Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır. Son günlər Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Göygöl, Xızı və Abşeron şəhər və rayonları Ermənistan ərazisindən raket hücumlarına məruz qalıb. Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində indiyədək 24 azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb. Azərbaycan tərəfində mülki əhalisinin və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisyan, Cermuk və Berd şəhərlərindən raket hücumlarına məruz qalması barədə tutarlı faktlar var.
E.Axundova bildirib ki, Ermənistan bu cür təxribatları törətməklə üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyir. Dünya ölkələrinin son hadisələrlə bağlı Azərbaycanı dəstəklədiyini vurğulayan səfir ölkəmizin haqlı mövqeyinə verdiyi dəstəyə görə Ukrayna dövlətinə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev Milli Ordumuzun uğurlu əks-həmləsi barədə jurnalistləri məlumatlandırıb, Azərbaycanın işğaldan azad olunan əraziləri barədə danışıb. İ.Ağayev bildirib ki, Ermənistan tərəfindən Suriya, Liviya və digər ölkələrdən gətirilən terrorçuların, muzdluların döyüşməsi barədə faktlar mövcuddur.
Azərbaycan şəhərlərinin raketlərlə vurulması, işğaldan azad olunan ərazilərimiz, Ermənistan tərəfindən terrorçuların döyüşməsi dair videoçarx nümayiş etdirildikdən sonra səfir yerli jurnalistlərin suallarını cavablandırıb.
Tədbirin sonunda E.Axundova son hadisələrlə əlaqədar Ukraynanın “4-cü” və “Pryamoy” telekanallarına canlı efirdə müsahibə verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev





Xəbərin mətnində orfoqrafik səhv var