SİYASƏT
Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun sədri Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb
Kiyev, 15 oktyabr, AZƏRTAC
Ermənistana humanitar yardım adı altında silahlar daşınır, bu isə beynəlxalq konvensiyalara ziddir.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun sədri Aleksandr Litvinenko ilə görüşündə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.
Səfir bildirib ki, hələ də Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistan dövlətinə aid təyyarələrlə bu ölkəyə silahların daşınması həyata keçirilir.
“Bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə edilir. Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya Ermənistana humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir”, - deyə səfir əlavə edib.
Diplomat bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır. Lakin Ermənistan Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən böyük şəhərlərini raket atəşinə tutmaqla mülki şəxsləri hədəfə alırlar.
Aleksandr Litvinenko öz növbəsində Azərbaycanda baş verən prosesləri yaxından izlədiklərini bildirib. Qeyd edib ki, münaqişələrin həlli məsələsində Azərbaycan və Ukraynanın strateji araşdırmalar institutlarının birgə təcrübə mübadiləsini aparması olduqca vacibdir.
Sonra görüşdə Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunu arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi müzakirə edilib və buna dair layihə təqdim olunub.
Görüş çərçivəsində səfirlik tərəfindən institutun kitabxanasına Dağlıq Qarabağ münaqişəsinə dair Ukrayna və rus dillərində kitablar təqdim edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev