SİYASƏT
Ukraynanın Nikolayev şəhərində Azərbaycan icması nümayəndələrinin “Ukrayna” Universitetinin tələbə və müəllimləri ilə görüşü keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Ukraynanın Nikolayev şəhərində “Ukrayna” Milli Universitetində Azərbaycan və gürcü icmaları nümayəndələrinin bu ali məktəbin tələbə və müəllimləri ilə görüşü keçirilmişdir.
Azərbaycan icmasını Nikolayev Vilayət Azərbaycanlı Gənclər Təşkilatı (NVAGT) təmsil etmişdir.
NVAGT-nın AZƏRTAC-a daxil olmuş məlumatında deyilir: “Bizə öz ölkəmiz, mədəniyyətimiz, Azərbaycanın tarixi və ənənələri haqqında söhbət açmaq imkanı verilmişdi. Görüşdə Azərbaycan haqqında qısametrajlı film göstərilmişdir. Auditoriya böyük (təqribən 100 tələbə) olsa da, görüş səmimi dostluq şəraitində keçmişdir. Tələbələr istər Azərbaycan, istərsə də Gürcüstan haqqında onları maraqlandıran suallar verə bilmişlər. Görüşün sonunda tələbələrin və müəllimlərin iştirakı ilə viktorina keçirilmişdir”.