SİYASƏT


Ukraynanın Prezident Ofisində etnik xalqların və diasporun problemləri müzakirə edilib

Kiyev, 23 oktyabr, AZƏRTAC

Ukrayna Prezidenti Ofisində etnik xalqların və diasporun nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan etnik xalqların problemlərinin müzakirə edildiyi toplantının təşkilatçısı və sədri Ukrayna Prezident Administrasiyası rəhbərinin müavininin müşaviri Alyona Verbitskaya olub.

Görüşdə təşəbbüs qrupunun üzvləri - Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov, “Əfqanıstan İcması” Milli Mədəniyyət Assosiasiyasının prezidenti Conat Sobhan, Dağıstan Ağsaqqallar Şurasının nümayəndəsi Şakir Yəhyaev, Ukraynada Qırğızıstan Birliyinin qurucusu Azamat İsmayılov, “Çeçen xalqının diasporu” Ağsaqqallar Şurasının sədri Həmid Saidumov, "Çeçen xalqının diasporu" İdarə Heyətinin üzvü Aslambek Amaqov, Ukrayna-Belarus Evinin üzvü Yuri Makitov və “Ukrayna Yunanlar İttifaqı” təşkilatının birinci vitse-prezidenti Mikola Koretski iştirak ediblər.

Müzakirələr zamanı diaspor rəhbərləri tərəfindən bir sıra məsələlər qaldırılıb. Qaldırılan məsələlərdə Ukrayna Prezidenti Ofisinin nümayəndəsi və hüquq-mühafizə və ədliyyə şurasının sədri Anatoliy Bay, Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsi Oleksandr Zyuzya, DİN-nin Vətəndaşlıq, Pasport və Qeydiyyat Departamentinin direktoru Mariya Qarnik, Konsulluq Xidməti Departamentinin direktor müavini Svetlana Krisa, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oleksey Botnarenko, Xarici İşlər Nazirliyinin nümayəndəsi İrina Samçenko İvə Ukrayna Milli Bankının nümayəndələri diaspor rəhbərləri tərəfindən qaldırılan məsələlərə münasibət veriblər.

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya qaldırılan bütün məsələləri hərtərəfli araşdırılacağını bildirib.

Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib. “Son vaxtlar Ukraynada vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Bu gün isə biz belə innovativ layihələrdən birinin iştirakçısı olduq”, - deyən soydaşımız hər kəsə uğurlar arzulayıb.

Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna Prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.