MƏDƏNİYYƏT


Ukraynanın Xarkov şəhərində Azərbaycan adına daha bir töhfə VİDEO

Xarkov, 25 oktyabr, AZƏRTAC

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda soydaşlarımız və qonaqların sevimlisinə çevriləcək daha bir parkın və abidə-kompozisiyanın açılışı olub.

AZƏRTAC xəbər verir ki, Xarkov şəhərində yenidən qurulan “Filosoflar parkı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosofları azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunmuş abidə-kompozisiyanın açılışı olub. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəflinin maliyyə dəstəyi, Azərbaycan və Qazaxıstanın Ukraynadakı səfirliyi, Xarkov şəhər Meriyasının dəstəyi ilə ucaldılan abidə-kompozisiyanın müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanovdur.

Açılış mərasimində xarici ölkələrin Ukraynadakı səfirləri, Ali Radanın deputatları, Ukrayna Mədəniyyət Nazirliyinin, Xarkov şəhər Meriyasının, Xarkov vilayət Dövlət Administrasiyasının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, soydaşlarımız və şəhərin qonaqları iştirak ediblər.

Tədbir Azərbaycan, Ukrayna və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov çıxış edərək bildirib ki, “Filosoflar abidəsi” təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. Bu park və abidə Xarkov şəhərinin ən görməli bir məkanına çevriləcək. “Mən Azərbaycan və Qazaxıstan dövlətinə öz minnətdarlığımı bildirirəm ki, bu cür dahi mütəfəkkirlərin abidəsi üçün Xarkov şəhərini seçiblər”, - deyə İqor Terexov əlavə edib. Sonra İqor Terexov göstərdiyi xidmətlərə görə, Meriya adından Qazaxıstanın Ukraynadakı Fəxri konsulu Emin Nəcəfliyə təşəkkür diplomunu təqdim edib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılmasının ardınca Mirzə Fətəli Axundzadənin heykəli Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. “Səfirlik tərəfindən Mirzə Fətəli Axundzadə haqqında Ukrayna dilində dərc edilən kitabın böyük bir nüsxəsi Xarkov şəhər kitabxanalarına hədiyyə edilib. Onun dünyəvi şair olduğu bu abidənin qoyulması ilə bir daha sübut edildi. Hər 3 dahi özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olublar. Mən inanıram ki, hər üç ölkənin dahi şəxsiyyətlərinin abidə-kompozisiyası olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib.

Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletaev isə bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb. “Bu abidə-kompozisiya fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, - deyə səfir bildirib.

Abidənin müəllifi Seyfəddin Qurbanov çıxışında layihənin gerçəkləşməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib: “Yaradıcılığımda bir çox janrlara müraciət etmişəm. Bu mütəfəkkirləri bir araya gətirmək asan deyildi. Bu kompozisiyada su, güclü ağac kökləri var. Bizim mütəfəkkirlərimiz orada dayanır, onların sayəsində yeni nəsil yetişir, ona görə də ağacın başında yeni nəslin simvolu olan cücərtilər yer alır”.

Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli isə çıxışında bu layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə, Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirliklərinə və Xarkov şəhər Meriyasına təşəkkürünü bildirib. Qeyd edib ki, abidə-kompleks 3 dəqiqə ərzində 365 dərəcədə fırlanır, bu da layihəyə marağı daha da artırır. “Filosoflar” parkı müasir standartlara cavab verir, sakinlərin daha rahat istirahəti üçün bütün imkanlar yaradılıb.

Açılış mərasimində Ukraynanın mədəniyyət nazirinin birinci müavini Rostislav Karandeev, Xarkov vilayət Şurasının sədri Tatyana Yeqorova-Lutsenko və digərləri çıxış edərək öz təbriklərini çatdırıblar.

Daha sonra parkda iştirakçılar tərəfindən ağaclar əkildikdən sonra Ukraynanın tanınmış müğənnilərinin iştirakı ilə konsert keçirilib.

Qeyd edək ki, bir müddət öncə Xarkov şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin və şəhər meriyasının birgə təşəbbüsü, təşkilatçılığı ilə dahi mütəfəkkir və filosof Nizami Gəncəvinin abidəsi də ucaldılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.