SİYASƏT
Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın növbəti yardımına geniş yer ayırıb





Kiyev, 10 iyun, AZƏRTAC
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukraynaya humanitar yardımın və 20 ton yanacağın göndərilməsinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “Unian” informasiya agentlikləri, “LB.ua”, “24TV”, “Ukranews“ və digər xəbər portallarında dərc olunan məqalələrdə müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardımın Ukraynaya çatdırılacağı vurğulanır. O cümlədən göstərdiyi yardıma görə, Ukrayna rəsmilərinin Azərbaycan dövlətinə təşəkkürü qeyd edilib.
Bundan başqa, məqalələrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya 20 ton yanacaq göndərildiyi yazılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev