DÜNYA


Ukraynanın dövlət borcu fevraldan bəri 45 faiz artıb

Ukraynanın dövlət borcu fevraldan bəri 45 faiz artıb

Bakı, 6 dekabr, AZƏRTAC

Ukraynanın dövlət borcunun həcmi fevral ayından bu yana 45 faiz artaraq ümumdaxili məhsulun 80 faizinə çatıb.

AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, noyabrın 1-də ölkənin dövlət borcu 93,5 milyard dollar təşkil edib. Fevral ayından bəri dövlət borcu qrivna ekvivalentində 45 faiz (daxili borc 23 faiz, xarici borc 63 faiz) artıb.

Bir müddət öncə Ali Radanın maliyyə, vergi və gömrük siyasəti komitəsinin rəhbəri Daniil Getmantsev ilin sonunadək borc yükünün ümumdaxili məhsulun 90 faizinə, gələn il isə 100 faizinə çatacağını proqnozlaşdırmışdı. Hökumətin son hesablamasına görə, 2022-ci il üçün ümumdaxili məhsulun (ÜDM) həcmi 4,73 trilyon qrivna (128,59 milyard dollar) təşkil edəcək.

Ali Radanın büdcə komitəsi 2023-cü ilin dövlət büdcəsi layihəsinə uyğun olaraq, dövlət borcunun yuxarı həddini 6,42 trilyon qrivnayadək (172,7 milyard dollar) artırıb ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan həcminin 102,3 faizini təşkil edir. 2023-cü ildə ümumdaxili məhsul 6,27 trilyon qrivna (təxminən 169 milyard dollar) ətrafında proqnozlaşdırılır.

Ukraynanın maliyyə naziri Sergey Marçenko bu il Ukrayna büdcəsinin gəlirlərinin yalnız üçdə birinin daxili mənbələr, qalan üçdə ikisinin isə xarici qrantlar və kreditlər hesabına formalaşdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.