SİYASƏT


Ukraynanın dövlət informasiya agentliyinin saytında Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair məqalə dərc edilib

Kiyev, 26 iyun, AZƏRTAC

Ukraynanın dövlət informasiya agentliyinin – UKRİNFORM-un saytında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərə dair məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müəllifi olduğu “Avropa İttifaqı beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi” sərlövhəli məqalədə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişafı, “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının sonuncu videokonfransı barədə təhlili fikirlər yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan ilə Aİ arasında ikitərəfli dialoq 1990-cı ilin əvvəlindən başlayıb və davamlı olaraq inkişaf edir. Ötən müddətdə hər iki tərəf siyasi, ticarət, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlıqda böyük uğurlara imza atıb. Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmizin ümumi ticarətinin 37,12 faizi (4,730 milyard ABŞ dolları) bu ölkələrin payına düşür.

F.Şəfiyev məqaləsində qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına Aİ qurumlarının Ermənistan-Azərbaycan münaqişəsinə qərəzsiz və obyektiv yanaşması, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinə və Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verməsi müsbət təsir göstərdi. Bu mövqe digər tərəfdən, Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamələrin və digər vacib sənədlərin uzun siyahısı, “Şərq Tərəfdaşlığı” sammitlərinin birgə bəyannamələri və Aİ-nin yüksək səviyyəli rəsmilərinin açıqlamaları ilə ardıcıl şəkildə təsdiqlənir.

Bu il iyunun 19-da Avropa Parlamenti, təkcə Azərbaycan üçün deyil, “Şərq Tərəfdaşlığı” ölkələrində həll olunmamış münaqişələrdən əziyyət çəkən digər dövlətləri üçün də böyük əhəmiyyət kəsb edən daha bir sənəd təqdim etdi. İyunun 20-də virtual sammit ərəfəsində Avropa İttifaqının icra orqanları üçün tövsiyə olaraq qəbul edilən sənəd, Aİ-nin “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin ərazi bütövlüyünə sadiqliyini və regional ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməsini dəstəklədiyini təsdiqlədi.

Sənəd, həll olunmamış regional münaqişələr, xarici təcavüz və “Şərq Tərəfdaşlığı”nın bəzi ölkələrinin ərazilərinin davam edən işğalı nəticəsində yaranan ciddi fəsadların siyahısını tanımaqla əsaslandırılır və obyektiv qiymətləndirməni təmin edir. Sənəddə vurğulanır ki, bu qanunsuz vəziyyət, təkcə bu ölkələrin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmur, həm də nəticədə “Şərq Tərəfdaşlığı”nın bütün layihələrini təhlükə altına qoyur, insanların hüquqları pozulur, regionda rifahın yaxşılaşdırılmasına maneə törədir.

Bu münaqişələrin həll olunmasının zəruriliyini vurğulayan Avropa Parlamenti bütün işğal olunmuş ərazilərdən xarici qoşunların dərhal çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələb edir.

Həm Aİ ilə, həm də ayrı-ayrı üzv dövlətlərlə əlaqələri möhkəmləndirmək niyyətini ardıcıl şəkildə nümayiş etdirən Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirir və ikitərəfli münasibətlərdə dostluq ruhunun və əməkdaşlıq mühitinin qorunmasına öz töhfəsini verməkdə davam edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.