SİYASƏT


Ukraynanın hüquq müdafiə və qadın təşkilatlarına müraciət göndərilib

Kiyev, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukraynanın hüquq müdafiə və qadın təşkilatlarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə müharibədə qadınların, xüsusən uşaqların qorunmalı olmasından bəhs edilir. Lakin bu gün Ermənistan ərazisindən Azərbaycanın Gəncə və digər şəhərlərinin yaşayış məhəllələrini vəhşicəsinə atəşə tutanlar bu stereotipi təkzib ediblər. Bugünkü müharibədə bizim uşaqlara da rəhm edilməyib. Fotoşəkilləri bütün dünyaya yayılmış bu gəncəli körpələr kimi.

Müraciətdə deyilir: “Bu şəkillərə diqqətlə baxın. Baxın ki, heç vaxt unutmayasınız: bu günahsız körpələrin sifətləri eybəcər hala salınıb, Ermənistandan atılmış mərmilərin qəlpələri onları qana boyayıb. Moskvada elan edilmiş atəşkəsdən sonra təkcə birinci gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı zonadan uzaqda yerləşən Gəncə şəhərinin raket atəşlərinə tutulması nəticəsində 9 nəfər, o cümlədən 4 qadın həlak olub, 34 dinc sakin, o cümlədən 16 qadın və 6 azyaşlı uşaq həlak olub.

Ümumiyyətlə, sentyabrın 27-də Dağlıq Qarabağda münaqişənin eskalasiyası başlanandan keçən müddətdə Azərbaycanın şəhər və kəndlərində 40-dan çox adam həlak olub, 205 nəfər yaralanıb. Qeyd edək ki, erməni silahlı dəstələrinin qadınlara və uşaqlara qarşı silah işlətməsi birinci dəfə deyil. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımını xatırlamaq kifayətdir. Müraciətdə qeyd edilir ki, o vaxt erməni bandit dəstələri bir gecədə 106 qadını və 63 uşağı qətlə yetiriblər”.

Səfir qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasını şərh edərək dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıb. Mehriban Əliyeva deyib: “Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır”.

Elmira Axundova vurğulayıb: “Mən də sizi, təkcə sizə dost ölkənin səfiri kimi deyil, həm də bir qadın kimi, ana kimi buna çağırıram: bu vəhşiliyi pisləyin, təcavüzkarı ağlını başına yığmağa, bizim ölkənin işğal edilmiş torpaqlarından çıxıb getməyə, zəkanın səsinə qulaq asmağa çağırın. Ermənistanın Azərbaycan torpaqlarını könüllü şəkildə tərk etməsi üçün Azərbaycan ona sonuncu şans verib. Bundan sonra ikinci şans olmayacaq.

Azərbaycan əsgəri Vətən uğrunda, öz Vətəninin təhqir olunmuş və murdarlanmış torpaqlarını azad etmək uğrunda döyüşür. Bəs başabəla ideoloqların millətçi təbliğatından başları dumanlanmış erməni gənclər nə uğrunda vuruşurlar? Öz liderlərinin qeyri-real siyasi ambisiyaları uğrundamı? Onların bütün xam xəyallarının, xəstə təxəyyül kabuslarının bir əsgərin həyatı qədər dəyəri yoxdur.

Azərbaycan xalqı qələbəyə, öz torpaqlarının tezliklə və qəti azad ediləcəyinə inanır. Ona görə ki, bütün dünya bilir: Qarabağ Azərbaycandır!”

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.