İQTİSADİYYAT
Ukraynanın işgüzar dairələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar VİDEO
Kremençuq, 30 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Kremençuqa səfəri zamanı iri biznes nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfirlə görüşdə Kremençuq şəhərindəki müxtəlif sənaye müəssisələrinin, o cümlədən “KrAZ”, “Kredmaş”, “Stalzavod” və digər müəssisələrin rəhbərləri iştirak ediblər.
E.Axundova qısa təqdimatdan sonra qeyd edib ki, iqtisadiyyat həyatın özəyidir, o, bütün digər problemlərin həllinə kömək edir.
Səfir deyib: “Köhnə əlaqələrimizin qorunub saxlanması böyük xoşbəxtlikdir. İndi yeni əlaqələr yaratmaq lazımdır. Azərbaycanda yeni avtomobil yolları və dəmir yolları tikilir. Bizə yeni texnika lazımdır. Gəlin, sizin bizə nə təklif edə biləcəyiniz barədə danışaq”.
“KrAZ” müəssisəsinin baş direktoru Roman Çernyak çıxış üçün söz alaraq deyib ki, Azərbaycanda istifadədə olan yüzlərlə iritonnajlı yük avtomobili Kremençuqda istehsal edilib. O vurğulayıb: “Son vaxtlar sizin neft müəssisələri ilə işləyirdik, lakin indi bu işdə fasilə yaranıb”.
Müxtəlif zavodların nümayəndələri öz məhsullarını səfirə nümayiş etdiriblər.
“Kredmaş”ın nümayəndəsi Aleksandr Bereqovoy deyib: “Artıq 3-4 ildir ki, bizim zavodlar sizə yalnız ehtiyat hissələr satır. Biz təchizatı bərpa etmək istəyirik, xüsusən ona görə ki, sizdə yeni yollar salınır”.
Bir saat davam etmiş görüşün sonunda səfir bildirib ki, Kremençuq və Azərbaycan müəssisələrinin direktorları arasında şəxsi əlaqələr yaratmağa, kremençuqluların təkliflərini öz ölkəsinə çatdırmağa hazırdır.
Kremençuq merinin birinci müavini Vladimir Pelipenko da Azərbaycanın Ukraynadakı diplomatik missiyasının rəhbəri ilə görüşüb. Bu görüşdə Kremençuqla Azərbaycan arasında müxtəlif sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kremençuq