SİYASƏT
Ukraynanın xəbər portalında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dair məqalə dərc edilib
Kiyev, 18 sentyabr, AZƏRTAC
Ukraynanın “Versii” saytı soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin “Milli ideya-millətin dünyagörüşü sisteminin əsası, dövlətçiliyin möhkəmləndirilməsi üçün bir stimuldur” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin müstəqilliyinin bərpası, Azərbaycan-Ukrayna münasibətləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilir.
Müəllif qeyd edir ki, Sovet İttifaqının süqutundan sonra - 1990-cı illərin əvvəllərində Azərbaycan dağılmaq və vətəndaş müharibəsi ərəfəsində idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü geniş miqyas almışdı. İqtisadiyyat, siyasət və digər sahələrdəki böhran dərinləşirdi. Belə bir çətin dövrdə, o zaman hakimiyyətdə olan rəhbərliyin təcrübəsizliyi və qeyri-peşəkarlığı səbəbindən ölkədə xaos hökm sürürdü. Bu dövr Azərbaycan üçün həlledici idi: ya müstəqil dövlət qurulacaq, ya da daxili çəkişmələr və separatçı qüvvələrin təxribatçı fəaliyyətləri nəticəsində parçalanaraq məhv olacaqdı. Bu kritik məqamda Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməklə müdrikliyini nümayiş etdirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycanı böyük bəlalardan xilas etdi.
Məqalədə, həmçinin Ulu Öndərin Azərbaycanın inkişafında misilsiz xidmətlərindən, Ukrayna ilə münasibətlərin inkişafında rolundan, bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev