MƏDƏNİYYƏT
“Ulduzlu nəşrlər”in sonuncu buraxılışı çapdan çıxıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər”in sonuncu – “Düşüncənin göy üzü” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tərtibçi-müəllifi filologiya elmləri doktoru Cəlal Bəydili olan kitabda Ayzek Azimovdan tutmuş Ernst Şumaherə qədər fikir adamlarının həyatın bütün sahələrinə aid müdrik sözləri və mülahizələrindən ibarət aforizmləri yer alıb. İki yüz tirajla çap olunan kitab “Ulduzlu nəşrlər”in sonuncu və on birinci buraxılışıdır.
Xatırladaq ki, layihə çərçivəsində gənc müəlliflərin kitablarından ibarət nəşrlər “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-də nəfis şəkildə dərc olunaraq “Ulduz”un oxucularına pulsuz çatdırılır. Bu ilin may ayına kimi layihə üzrə səkkiz nəşr işıq üzü görüb. May ayından sonra “Ulduz”un əməkdaşı, mərhum şair Fərqanə Mehdiyevanın “Gedirəm torpağı qucaqlamağa” adlı şeirlər və gənc yazıçı-tərcüməçi Xanım Aydının "Kitab xəstəsi" (Herman Hesse) adlı tərcümə kitabları oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, sözügedən layihənin rəhbəri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsdir.