CƏMİYYƏT
Ulrix Vessel: Azərbaycanda vəkilliyin sürətli inkişafı təqdirəlayiqdir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti ilk dəfə Almaniyaya səfər edib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə baş tutan səfərin məqsədi Azərbaycanın və Almaniyanın Vəkillər kollegiyaları arasında əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin intizam məsələlərinə baxılması ilə bağlı bu ölkənin təcrübəsinin öyrənilməsi, habelə müvəkkillər və vəkillər arasında hüquqi xidmətlərin göstərilməsi sahəsində yaranan mübahisələrin həlli və sair məsələlər barədə təcrübə mübadiləsinin aparılmasıdır.
Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti səfərin birinci günündə Almaniya Federal Vəkillər Palatasının sədri Ulrix Vessel ilə görüşüb.
U.Vessel son dövrlər Azərbaycanda qısa müddətdə vəkillik sahəsində reallaşdırılan islahatlar barədə məlumatlı olduğunu və bu sahədəki inkişafdan məmnunluğunu bildirib. O, Almaniya Federal Vəkillər Palatasının beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Azərbaycanın Vəkillər Kollegiyası ilə əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini deyib.
Palatanın sədri rəhbərlik etdiyi qurumun azərbaycanlı vəkillər üçün vəkillik sirri, onların peşə davranışları standartları, mülki və cinayət işlərində vəkillərin müdafiə işinin təşkili istiqamətində təlimlərin keçirilməsi, bu işə almaniyalı ekspertlərin cəlb edilməsi və s. məsələlərdə yardım etməyə hazır olduğunu diqqətə çatdırıb.
Anar Bağırov ölkəmizdə vəkil peşəsinin daha da təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib. O, Vəkillər Kollegiyasının Almaniya Federal Vəkillər Palatası ilə hərtərəfli əməkdaşlıq münasibətlərində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov və sədr müavini İlhamə Həsənova, Vəkillərin İntizam Komissiyasının bir sıra üzvləri, GİZ təmsilçiləri və Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü Rudolf Lauda da iştirak ediblər.
Vəkillər Kollegiyası sədrinin Almaniyaya ikigünlük səfərindən sonra Vəkillərin İntizam Komissiyasının üzvləri üçün bir həftəlik təcrübə səfəri başlayıb.