ELM VƏ TƏHSİL


Ulu Öndər Azərbaycan elminin inkişafına xüsusi önəm verib

Bakı, 11 may, AZƏRTAC

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ümummilli Liderin həyat və fəaliyyətindən, həmçinin Azərbaycan elminin tərəqqisində müstəsna rolundan danışıb. Bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin inkişafına xüsusi önəm verib. XX əsrin 70-ci illərində Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc aparıcı elmi mərkəzlərdə ixtisaslı kadr kimi yetişdirilib. İndi həmin elmi kontingent ölkəmizin elm və təhsil ocaqlarında, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasında uğurla gənc alimlər ordusunu formalaşdırır.

Alim xüsusilə vurğulayıb ki, Şamaxı Astrofizika Rəsədxanasının dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması və ümumilikdə Azərbaycanda kosmik sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1974-cü ilin sentyabrında rəsədxanaya gələrək alimlərlə görüşmüş, elm adamlarının fəaliyyəti ilə maraqlanmış, problemləri ilə yaxından tanış olmuş, elm ocağının fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır.

Ümummilli Liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində Astrofizika kafedrası yaradılıb ki, hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti məhz həmin kafedranın məzunlarıdır. Ulu Öndərin rəsədxananın inkişafına yönələn digər məqsədyönlü sərəncamları da uğurla həyata keçirilib. Bütün bunların nəticəsində 1970-1981-ci illərdə rəsədxananın nüfuzu beynəlxalq aləmdə sürətlə artıb, elmi-texniki və intellektual səviyyəsi yüksək zirvəyə qalxıb.

Namiq Cəlilov qeyd edib ki, hazırda bu ənənəni Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə rəsədxananın maddi-texniki bazası gücləndirilib, inzibati binada əsaslı təmir-tikinti, abadlıq işləri aparılıb. Alimlərimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün iki möhtəşəm bina inşa edilib, yüksək infrastruktura malik şərait yaradılıb. Poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər istifadəyə verilib.

Sonra rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov Heydər Əliyevin Azərbaycanda kosmik sənayenin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, ABŞ-ın Astronavtika Federasiyası dünyanın 68 ölkəsini təmsil edən 398 təşkilatın üzv olduğu, kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi isə təşkilatın əsas tədbiridir. Bu Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksəksəviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi məhz Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində Bakı şəhərində keçirilib. Bu mötəbər tədbirin keçirilməsi Azərbaycanda kosmik sənayenin inkişafına və bu sahədə beynəlxalq əlaqələrin genişlənməsinə imkan yaradıb.

Alim, həmçinin bildirib ki, Vaşinqtonda baş tutan Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin gələn ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycan üçün növbəti böyük bir qələbə və tarixi hadisədir. Şamaxı Astrofizika Rəsədxanası bu mötəbər təşkilata üzv olan Azərbaycanın üç müəssisəsindən biridir. Beynəlxalq Konqresin 50 il sonra yenidən Azərbaycanda keçirilməsi sayəsində ölkəmizin nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkanlar yaranacaq. Sevindirici haldır ki, Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində gələcəyə hədəflənmiş bütün məsələlərdə olduğu kimi sözügedən sahənin inkişafını da diqqət mərkəzində saxlaması bu gün də öz bəhrəsini verməkdədir.

Daha sonra rəsədxananın Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin böyük elmi işçisi Bahadır Abdullayev çıxış edib. O, Heydər Əliyev siyasi yolu, onun dünya tarixindəki yeri və azərbaycançılıq ideologiyası haqqında məlumat verib. Vurğulayıb ki, Heydər Əliyev hələ sovet dövründə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin bəhrəsi kimi bu gün biz iqtisadi, hərbi, siyasi qüdrətə sahib müasir Azərbaycanda yaşayırıq.

Qeyd edək ki, analoji tədbir Şamaxı Astrofizika Rəsədxanasının Bakı şəhər bölməsində keçirilib. Tədbiri Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov açaraq Ümummilli Liderin hələ sovet dövründə mühüm strateji obyektlərin məhz Azərbaycanda yaradılması, inşa edilməsində əvəzsiz xidmətlərindən danışıb. Belə ki, Şamaxı Astrofizika Rəsədxanasının məhz Azərbaycanda tikilməsi, Cənubi Qafqazda ilk hərbi təmayüllü liseyin - Cəmşid Naxçıvanski adına hərbi liseyin Azərbaycanda yaradılması bu təşəbbüslərdəndir.

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri dosent Ədalət Ətayi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyə hesablanmış uğurlu təşəbbüslərinin aspektlərini şərh edib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra çətin bir dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Həmin iqtisadi dayaq nəticəsində zənginləşdirilən hərbi arsenal yaxın keçmişdə Azərbaycanın öz tarixi torpaqlarını azad etməsinə gətirib çıxardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.