HEYDƏR ƏLİYEV - 100


Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin özünəinamını geri qaytardı

Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin özünəinamını geri qaytardı

Bakı, 29 mart, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşır, onların yüksək intellektual səviyyəyə, geniş biliyə və müasir dünyagörüşünə malik olmasına böyük əhəmiyyət verirdi.

Bu sözləri “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyev AZƏRTAC-a açıqlamasında deyib.

T.Əfəndiyev bildirib ki, daim doğma xalqının gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi zaman respublikanın şəhər və kəndlərində tədris ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsinə, hərbi məktəblərin açılmasına, SSRİ-nin 50-dən çox iri şəhərində fəaliyyət göstərən 170 nüfuzlu ali məktəbdə bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratmışdı. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət edib. Həmin gənclərin böyük əksəriyyəti bu gün müasir müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ümummilli Lider Azərbaycan Gənclərinin Birinci Forumunda bu barədə deyib: “Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Qeyd olunanlar Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq dövlət gənclər siyasətinin həmişə aparıcı istiqamətlərdən biri olmasının bariz nümunəsidir.

Qeyd olunub ki, ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəllərinədək ölkə gəncliyinin potensialının yetərincə qiymətləndirilmədiyi və ölkə gənclərinin ictimai-siyasi proseslərdən kənarda qalmaları Azərbaycanda gənclər siyasətinin demək olar tamamilə unudulduğunu göstərir. Elə bunun nəticəsində həmin dövrdə digər sahələrdə olduğu kimi, təhsil sistemində də xaotik vəziyyətin yaranması, gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclər siyasətinin qanunvericilik aktları ilə formalaşdırılmasına nail oldu və bu sahənin qanunvericilik bazasını təmin etdi. Belə ki, gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların inkişafına və formalaşmasına kömək edən, istiqamət verən qanunlar, fərmanlar, sərəncamlar və dövlət proqramları qəbul edildi. Bu islahatlar gənclərin mənəvi-ideoloji cəhətdən hazırlığına, sosial problemlərinin həllinə, məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Azərbaycanda yeni nəslin formalaşmasında Ümummilli Lider Heydəri Əliyevin yürütdüyü gənclər siyasəti müsbət nəticəsini verməkdədir. Doğru müəyyən olunmuş gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdiyinə şahid olduq.

“Dahi şəxsiyyət “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir” deyərək Azərbaycan gəncliyinə olan ümidini və inamını ifadə etmişdir. Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq təsdiqini tapmaqdadır. Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq etmələri, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” kəlamını əldə rəhbər tutan Azərbaycan gəncliyi bu gün dövlətimizin başçısının yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir”, - deyə T.Əfəndiyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.