HEYDƏR ƏLİYEV - 100


Ulu Öndər Heydər Əliyev memarların əməyinə daim xüsusi diqqət göstərib

Ulu Öndər Heydər Əliyev memarların əməyinə daim xüsusi diqqət göstərib

Bakı, 24 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Dahi şəxsiyyətin bütün fəaliyyəti respublikamızın inkişafına, qüdrətlənməsinə və xalqın tərəqqisinə həsr edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında tanınmış memar Fəzail Bayramov deyib.

Memar bildirib ki, qurucu insan olan Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu illər ölkəmizin bütün sahələrdə tərəqqisi, o cümlədən memarlığın və şəhərsalmanın inkişafı ilə müşahidə edilib. Heydər Əliyevin gərgin əməyi nəticəsində paytaxtda və regionlarda gözəl və təkrarolunmaz memarlıq nümunələri yaradılmış, yüksəkkeyfiyyətli yaşayış və ictimai binalar, komplekslər, parklar və s. inşa edilmişdir.

F.Bayramov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu yüzlərlə möhtəşəm abidə və binalardan biri də onun adını daşıyan saraydır. Heydər Əliyev Sarayı bu gün də öz ənənəsinə sadiq olmaqla, qapılarını hər zaman tamaşaçıların üzünə açaraq bir çox möhtəşəm tədbirlərə ev sahibliyi edir. Saray paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur.

Onun sözlərinə görə, Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasına və şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirirdi. Paytaxtın nəqliyyat problemlərinin həlli bu məsələnin ən mühüm tərkib hissəsi olduğundan bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutulmuş, Bakı metropoliteni şəbəkəsi xeyli genişləndirilmişdi.

F.Bayramov bildirib ki, şəhərsalma məsələlərində memarlığın rolu böyükdür. Bu baxımdan gözəl memarlıq işlərini yüksək qiymətləndirən Heydər Əliyev memarların əməyinə həmişə qayğı göstərmiş, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirmişdir. Heydər Əliyev hər zaman qeyd edirdi ki, inşa edilən tikililərin hamısı gözəl, orijinal olmalı, insanların estetik tələblərinə cavab verməlidir. Ümummilli Lider yeni tikilən binalarda milli memarlıq formalarına geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyə edirdi. Bu da Ulu Öndərin milli mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir. Dahi rəhbər mənzil tikintisində Şərq üslubuna, milli mədəniyyətimizə sadiq qalmağa üstünlük verirdi. Ulu Öndər deyirdi ki, inşa edilən ayrı-ayrı tikililər Bakının sabahıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.