REGİONLAR
Ulu Öndər ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ilə dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib
Qax, 15 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayaraq bütöv bir xalqın yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü ilin 15 iyunu məhz belə tarixi hadisələrdəndir. Həmin əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı, Milli Qurtuluş Günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salıb, 1993-cü ilin iyun hadisələri barədə danışıb. Diqqətə çatdırılıb ki, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib. Bu səbəbdən də 15 iyun- Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Məruzə və çıxışlarda vurğulanıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə iqtisadiyyatını bürüyən tənəzzül dayandırılıb, vətəndaşların təhlükəsizliyini təmin etmək mümkün olub, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son illər Azərbaycanın iqtisadi qüdrəti daha da artıb, müstəqil respublikamız dünya birliyində öz layiqli yerini tutub.
Tədbirin sonunda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.