CƏMİYYƏT


Ulu Öndər insan hüquqlarının təmininə və bu sahədə müvafiq hüquqi bazanın formalaşmasına xüsusi diqqət yetirirdi

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının müdafiəsi” mövzusunda videokonfrans keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Səbinə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük ehtiramla yad edildiyini vurğulayıb.

Ombudsman çıxışında Ulu Öndərin hakimiyyəti dövründə insan hüquqlarının təmininə və bu sahədə müvafiq hüquqi bazanın formalaşmasına göstərdiyi diqqət barədə danışıb. S.Əliyeva “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunduğunu qeyd edib.

Müvəkkil, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində aparılan islahatlardan, əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. Eyni zamanda, Ombudsman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə sosial cəhətdən həssas əhali qruplarının rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən bir sıra mühüm layihələrin həyata keçirilməsi barədə danışıb.

Daha sonra Ombudsman təsisatın fəaliyyəti çərçivəsində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, qaçqın, məcburi köçkün və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların, habelə sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Tədbir iştirakçılarına Vətən müharibəsi və postmüharibə dövründə Ombudsmanın həyata keçirdiyi fəaliyyət, habelə beynəlxalq ictimaiyyətə təqdim olunmuş çoxsaylı hesabatlar, bəyanatlar, müraciətlər barədə də məlumat verilib.

Daha sonra tədbirdə Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni ulu öndər Heydər Əliyevin insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafında rolu barədə məruzələrlə çıxış ediblər.

Sonda S.Əliyeva ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında və onun xeyir-duası ilə yaradılmış Ombudsman təsisatının bundan sonra da xalqımıza sədaqətlə xidmət edəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.