REGİONLAR


Ulu Öndər ölkəmizin, milli dövlətçiliyimizin xilaskarıdır

Naxçıvan, 14 iyun, AZƏRTAC

15 İyun – Milli Qurtuluş Günü dövlətçilik ənənələrimizin qorunub saxlanılması, inkişafın yeni mərhələsinə keçidin təməlinin qoyulduğu gündür.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib. Akademik ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən ağır siyasi vəziyyət, hərc-mərclik, ermənilərin əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını xatırladaraq bildirib ki, həmin dövrdə xalqın düçar olduğu acınacaqlı vəziyyət dövlət idarəçiliyinə səriştəsiz şəxslərin gətirilməsi, milli təəssübkeşliyin olmamasından qaynaqlanırdı. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi, buradakı fəaliyyəti dövründə Azərbaycanın gələcək müstəqilliyinə yönəlmiş tarixi qərarların qəbul edilməsi dahi rəhbərin əsl xilaskar kimi şərəfli fəaliyyətinin nəticəsidir. Qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi zamanın tələbi, 15 İyun tarixi Azərbaycanın inkişaf və rifahının başlanğıc günüdür.

Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlişi və bu siyasi epoxanın uğurlu nəticələrindən danışan İsmayıl Hacıyev Azərbaycanın iqtisadi inkişafı, diplomatik məharətlə qazanılan nailiyyətlər, ordu quruculuğu və siyasət meydanında atılan uğurlu addımlardan bəhs edib.

Bölmənin sədri bildirib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan Ulu Öndər Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalayıb. Bu gün Milli Qurtuluş Gününün bəhrələri kimi AMEA Naxçıvan Bölməsində elmin müxtəlif sahələrində 255 nəfər çalışır ki, bunların da 98-i elmi işçidir. Elmi işçilər arasında 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 54 fəlsəfə doktoru, doktorant və dissertantlar fəaliyyət göstərərək elmə öz töhfələrini verirlər.

Konfransda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” məqaləsi iştirakçıların diqqətinə çatdırılıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri İlhami Əliyev, Asəf Orucov və Zeynəb Quliyeva çıxış edərək “Qurtuluş Gününə gedən yol”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı” mövzularında çıxış ediblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.