REGİONLAR
Ulu Öndər parlaq siyasi zəkası ilə Azərbaycanın gələcəyə aparan yollarını müəyyənləşdirib VİDEO
Zəngilan, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Zəngilan rayonun Ağalı kəndində “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, ölkəmizdə yol infrastrukturunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə və ölkə üzrə icra olunan yol infrastrukturu layihələri barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.
İdarə Heyətinin sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi-ictimai həyatında gördüyü işlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən edib. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bölgədə aparılan işlərlə bağlı danışıb. O Ağalı kəndində yaşayan sakinlərin sosial məşğul vəziyyəti ilə bağlı məlumat verib.
Daha sonra KİV nümayəndələrinin görülən işlərlə bağlı suallarını cavablandırıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intellektual yarış keçirilib. Yarış Ağalı kənd orta məktəbinin 5-9-cu sinif şagirdləri arasında bir neçə mərhələ üzrə reallaşıb. Hər mərhələdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Vətən müharibəsi və işğaldan azad edilən ərazilərdə həyata keçirilən yol infrastrukturuna aid suallar verilib.
Sonda məktəb, yarış iştirakçıları və qaliblər agentlik tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.